“Bugünkü səhər məşqi ilə artıq klubumuzun bazasında keçirdiyi ilkin hazırlıq mərhələsi başa çatıb”. Bunu apasport.az saytına AZAL-ın vitse-prezidenti Fikrət Hüseynov deyib.
AZAL Şüvəlanda keçirdiyi hazırlıq çərçivəsində 3 yoxlama oyununda qüvvəsini sınayıb. Əvvəlcə tələbələrdən ibarət yığmamızı və “Rəvan”ı eyni hesabla (3:0) məğlub edən “təyyarəçilər” daha sonra aşağı dəstə təmsilçisi olan “Neftçala”ya uduzub – 1:2.
Hüseynov Boluda nəzərdə tutulan toplanışın ikinci mərhələsi üçün hansı oyunçuların Türkiyəyə aparılacağına aydınlıq gətirdi: “Baxışda olan futbolçulardan Emin Mustafayev, gürcülər - Pavel Xorquaşvili, David Rajamaşvili, polşalı Mateuş Staporski, ərəb Valid Kadraui, iranlı Hüseyn Mehrəzman, ukraynalı Vladislav Çeçelenko baş məşqçimiz Tərlan Əhmədovun rəğbətini qazana bilmədi və onlar geri göndərildi. “Rəvan”la yoxlama oyununda 90 dəqiqə çıxış edən bosniyalı müdafiəçi Samir Merziç ola bilsin ki, Boluya da gəlsin. Çünki onun fiziki durumu qaydasında olmasa da, topla hərəkəti yaxşı idi. Bakıda baxışda olanlardan yalnız 2 futbolçunun bizimlə birgə Türkiyəyə gedəcəyi dəqiqdir. Bunlar Çexiyanın “Teplitse” klubundan gəlmiş honduraslı yarımmüdafiəçi Luis Ramos və bu il “Minsk”də çıxış etmiş ukraynalı hücumçu Valeri Kutsenkodur. Türkiyə toplanışı zamanı baxışa hücumçu, pleymeyker və cinah yarımmüdafiəçiləri qoşulacaq. Eləcə də nigeriyalı Nnaemeka Acurunun da ora gələcəyi gözlənilir”.
Nigeriyanın sl10.ng saytı növbəti mövsümün sonunadək AZAL ilə müqaviləsi olan Uilyam Oluremi Conun klubla müqaviləsini qarşılıqlı razılıq əsasında pozduğunu qeyd edib. Oluremini Almaniya, Portuqaliya, İsveç və ABŞ-dan klubların heyətinə qatmaq istədiyi bildirilir. Hüseynov da afrikamənşəli futbolçu ilə müqavilənin pozulduğunu təsdiqlədi: “Onun anası yaşadığı ABŞ-da ciddi avtomobil qəzasına uğrayıb. Həyati təhlükəsi olduğundan, Oluremi hər gün skaypla əlaqə qurub ailəsi ilə yaxından maraqlanırdı. Nəhayət, klubun prezidenti Zaur Axundovla görüşüb ABŞ-a qayıtmaq istədi. Biz də humanizm prinsiplərini nəzərə alaraq onun müqaviləsini qarşılıqlı razılıq əsasında pozduq. O, 2 gün əvvəl Bakı – Frankfurt reysi ilə ABŞ-a getdi”.
Qeyd edək ki, ötən ilin fevralında Ukraynanın “Aleksandriya” klubundan AZAL-a keçən Uill Con 41 Premyer Liqa oyununda 12 dəfə qol vurub. Onun ötən mövsüm vurduğu 3 qol jurnalistlər tərəfindən “ayın qolu” nominasiyası üzrə Topazın xüsusi mükafatına layiq görülüb.
Səbuhi TOFİQOĞLU
“Baxışda olanlardan yalnız 2 futbolçunun Türkiyəyə gedəcəyi dəqiqdir”
14.07.2014 - 17:35
0
0