[b]“Bəxt üzümüzə gülmədi”[/b] - Vladan Miloyeviç
23.07.2015 - 22:06
[b]“Bəxt üzümüzə gülmədi”[/b] - Vladan Miloyeviç

“120 dəqiqəlik oyuna hazır idik. Amma belə bir açıq oyuna hazır deyildik. “Qəbələ”nin bu cür oynayacağını gözləmirdik”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Serbiyanın “Çukariçki” komandasının baş məşqçisi Vladan Miloyeviç deyib.

 

Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Bakıda “Qəbələ” ilə cavab oyununa çıxan serblər 0:2 hesabı ilə uduzublar. Bu nəticədən sonra “Çukariçki” AL-də mübarizəni dayandırıb.

 

Matçdan sonra mətbuat konfransı keçirən qonaq komandanın çalışdırıcısı məğlubiyyəti belə şərh edib:

 

“Biz Bakıya 1 qol vurmaq üçün gəlmişdik. İşimizin rahat olması üçün bu qolu axtarırdıq. Əfsuslar olsun ki, istəyimizə çatmadıq. Əgər qol şanslarımızı istifadə edə bilsəydik, oyunu qələbə ilə bitirə bilərdik. Rəqib hər 2 qolu sırf oyunçularının fərdi, peşəkarlıq səviyyəsinin hesabına vurdu. Bir daha göründü ki, heç bir səhv bağışlanmır. Bəxt bizim üzümüzə gülmədi, buna görə də mərhələni dayandırdıq. “Qəbələ”ni təbrik edirəm, öz oyunçularımı da yaxşı oyun münasibətilə təbrik edirəm”.

 

Qonaqların baş məşqçisi bildirib ki, “Qəbələ”nin heyətində yaxşı oyunçular çoxdu: “Rəqibin heyətində bir oyunçunu fərqləndirmək istəməzdim. “Qəbələ” ümumilikdə yaxşı komandadı, heyətində güclü futbolçular çoxdu”.

 

Miloyeviç “Qəbələ”nin növbəti mərhələdəki şansını da dəyərləndirib: “Apollon” komandasının heyətindən məlumatlı deyiləm. Amma güclü əcnəbi oyunçularının olduğunu bilirəm. Bəxt kimin üzünə güləcəksə, o da sevinən tərəf olacaq. Onu da qeyd edim ki, Serbiya çempionatının ilk turunda derbi oyunu keçirdik. 40 dərəcə istidə oynadıq, çətin matç keçdi. Yol yorğunluğunun da məğlubiyyətimizə təsiri oldu”.