“Bu nəticələr gələcəyə ümidlə baxmağa əsas verir”
22.04.2014 - 11:27
“Bu nəticələr gələcəyə ümidlə baxmağa əsas verir”

“AFFA və “Bakcell” şirkətinin əməkdaşlığı çərçivəsində “Mançester Yunayted” Yay Futbol Məktəbinin seçim turlarının və məşqlərinin Azərbaycanda təşkili uşaq futbolunun inkişafına töhfəsini verib”. Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

AFFA və “Bakcell” şirkətinin birgə əməkdaşlığı çərçivəsində İngiltərənin "Mançester Yunayted" klubunun Yay Futbol Məktəbində iştirak etmək istəyən uşaqlar üçün Bakı, Sumqayıt, Gəncə, Tovuz və Qaxda seçim turları təşkil olunacaq. Bununla əlaqədar AFFA-nın inzibati binasında bu gün mətbuat konfransı keçirilib.

Məmmədov bu təcrübədən ikinci dəfə yararlanmağı üstün tutduqlarını bildirib: “Biz artıq ikinci dəfə bu uğurlu təcrübədən yararlanmağı məqsədəuyğun saydıq. Ötən il Bakıda keçirilmiş təlim-məşq toplanışında seçilən 6 gənc istedad “Mançester Yunayted” Futbol Akademiyası ilə tanış oldu, eləcə də, bu klubun futbol məktəbinin Mançester şəhərindəki Denston kollecində keçirilən təlim-məşq toplanışlarında iştirak etdi. İştirakçılardan biri Tamerlan Rizvanov “Mançester Yunayted” Yay Futbol Məktəblərinin “World Skills” finalına qədər yüksəldi. Bu nəticələr bizə gələcəyə ümidlə baxmağa əsas verir və inanırıq ki, builki yay məktəbi də uğurlu olacaq, Azərbaycan futbolunun inkişafına daha bir töhfə verəcək”.