“Bu oyunla heç bir futbolçunun millinin formasını geyinməyə haqqı çatmır”
26.02.2015 - 10:57
“Bu oyunla heç bir futbolçunun millinin formasını geyinməyə haqqı çatmır”

“Futbolda 0:6, 0:10 və hətta daha böyük hesabla uduzmaq mümkündü, belə hallar olur. Amma necə məğlub olmaq da əhəmiyyətlidi”. Apasport.az saytının məlumatına görə, bu sözləri 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Nikolay Adam deyib.

 

Almaniyalı mütəxəssis Avropa çempionatının elit-raunduna hazırlıq məqsədilə İrlandiyada təlim-məşq toplanışında olan yığmamızın ilk yoxlama oyunu haqda fikirlərini açıqlayıb. Adam bu ölkənin U-19 komandası ilə görüşdəki 0:6 hesablı məğlubiyyətə AFFA-nın rəsmi saytına açıqlamasında şərh verib: “Oyun nə qədər alınmasa belə, gərək mübarizədən qopmayasan, məğlubiyyətlə barışmayasan. Təəssüf ki, bu gün komandada istədiyim mübarizliyi görmədim. Uşaqlar, demək olar ki, bütün təkbətək epizodlarda rəqibə uduzurdu. Belə halla ilk dəfə rastlaşmırıq. Avropa çempionatının ilkin seçmə mərhələsi ərəfəsində də Makedoniya yığmasına əzmkarlıq göstərmədən 0:2 hesabı ilə uduzduq. Amma komanda bundan dərs çıxarıb elit-raunda yüksəldi. Əlbəttə, hadisələrin eyni ssenari üzrə təkrarlanacağını deyə bilmərəm”.

 

Adam 0:6 hesabı ilə uduzan oyunçuları da sərt ittiham edib: “Bu cür oyunla heç bir futbolçunun yığmanın formasını geyinməyə haqqı çatmır. Məşqçilər korpusu, xüsusilə mən çox məyusuq, çünki komanda ilə bağlı birbaşa məsuliyyəti, cavabdehliyi mən daşıyıram. Ən çoxu da, komandanın ruhdan düşməsi məni təəssüfləndirir. İrlandiya yığmasına hörmətlə yanaşıram, amma bu komanda bir neçə gün əvvəl iki dəfə qarşılaşdığımız Finlandiya, seçmə mərhələdə oynadığımız Sloveniya yığmasından güclü deyil. Bu hesabın qeydə alınmasının əsas səbəbi futbolçularımızın bu gün xarakter göstərməməsi oldu. Niyə belə olduğunu anlaya bilmirəm, bu, mənim üçün inanılmazdır. Belə oynasaq, Fransada keçiriləcək elit-raund mərhələsində işimiz çox çətin olacaq”.