“Bunu ağlıma da gətirməzdim”
21.08.2015 - 14:07
“Bunu ağlıma da gətirməzdim”

“Doğma Bakıda uşaq olduğum vaxtdan futbolu sevmişəm. Həyətdəki meydanda hava qaralanadək futbol oynayırdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri tanınmış rusiyalı futbol agenti Vladimir Beniaşvili deyib.

 

Keçmiş SSRİ-nin ilk agentlərindən olan mütəxəssis karyerası ilə bağlı geniş müsahibə verib. O, Bakıda anadan olmasından, Azərbaycan futbolunun əfsanələrindən biri Ələkbər Məmmədovun rolundan da danışıb: “Ələkbər Məmmədova da bizim binada yaşayırdı. O, bütün Azərbaycanın fəxridi. Məmmədov o vaxt Moskva “Dinamo”sunda parlayırdı. Onu küçədə görəndə hamımız ağzımızı açıb, ona baxırdı. Nə vaxtda Məmmədovun mənə ikinci ata olacağını ağlıma gətirməzdim. 13 yaşında evi tərk edib Moskvaya yollandım. Orada heç kimim olmadığından “Dinamo”nun bazasına yollandım. Komanda toplanışda olduğundan onlar geri dönənədək trolleybus parkında yatıb, birtəhər dolanırdım. “Dinamo” qayıdanda bazanın qapısında Lev Yaşini görüb, Məmmədovu çağırmasını xahiş etdim. O da durumumu bilib, məni özü ilə eyni mənzildə yaşamağa apardı. Məni stadionda çəkməçiyə şagird qoydular. “Dinamo”da olduğum müddətdə yeniyetmə komandasının məşqçiliyinə qədər yüksəldim”.