“Transfer pəncərəsi”nin son günündə “bomba partlayıb”. Apasport.az xəbər verir ki, “Çelsi” yarımmüdafiəçisi Andre Şürrleni “Volfsburq”a satıb.
Almaniya klubu artıq rəsmi saytı vasitəsilə məlumatı təsdiqləyib. Tərəflər arasındakı razılığa görə, “Volfsburq” bu keçid üçün ingilislərə 32 milyon avro ödəyib. 24 yaşlı yarımmüdafiəçi yeni klubu ilə 4,5 illik müqavilə bağlayıb.
Maraq üçün bildirək ki, “Çelsi” Şürrleni 2013-cü ildə “Bayer”dən 22 milyon avroya transfer etmişdi.
Qeyd edək ki, Andre Şürrle “zadəganlar”ın heyətində keçirdiyi 30 oyunda 8 qola imza atıb. O, Almaniya millisinin heyətində isə 42 görüşdə meydana çıxıb və 17 dəfə rəqib qapıçılarını məyus edib.