“Çelsi” futbol klubu hücumçu Demba Banı “Beşiktaş”a icarəyə verməyə razıdır. Apasport.az saytının məlumatına görə, “zadəganlar” onun satılmasını da istisna etmirlər.
Hələ ötən mövsüm ancaq ehtiyat oyunçular skamyasında oturan və meydana çox az hallarda çıxan Banın vəziyyəti bir qədər də pisləşib. Dieqo Kostanın alınması futbolçunun ümumiyyətlə ehtiyatda qalacağını söyləməyə əsas verir. “Beşiktaş”bu vəziyyətdən istifadə edərək “Çelsi” rəhbərliyinə təklif irəli sürüb.
Hazırda danışıqlar yekun mərhələyə qədəm qoyub. Söhbət ilk növbədə Banın icarəyə götürülməsindən gedir. Amma “Çelsi” futbolçunu İstanbul klubuna satacağını da istisna etmir. “Beşiktaş”ın prezidenti Fikrət Orman da bu variantı nəzərdən keçirdiklərini vurğulayıb: “Demba Banın ilkin qiyməti 13 milyon avro idi. Amma biz qiyməti aşağı sala bildik. Bütün hallarda, müqavilə bağlananda hər şeyi biləcəksiniz”.