“Bəli, komandamızın rəhbərliyi Kaxaber Sxadadzeni baş məşqçi postunda görmək istəyir”. Bu sözləri apasport.az saytına açıqlamasında Tiflis “Dinamo”sunun idman direktoru İrakli Vaşakidze deyib.
Futbolçu kimi Azərbaycanda çıxış etdiyi vaxtlarda “Turan” və “Qəbələ”nin formasını geyinmiş Vaşakidze həmyerlisi olan Kaxaber Sxadadzenin “Dinamo”ya mümkün təyinatından danışıb. O bildirib ki, təmsil olunduğu komanda hazırda Bakının “İnter” klubunda çalışan 48 yaşlı mütəxəssisin xidmətində maraqlıdı: “Komandamızda belə bir məşqçinin çalışmasını istəyirik. Amma hər şey bizim arzumuzla deyil. Gərək Sxadadze özü də bunu istəsin. Bəlkə “İnter”də qalacaq... Əgər Bakıda qalmaq istəsə, biz nə edə bilərik?”
Klub rəsmisi Sxadadze ilə yanaşı, başqa mütəxəssislərlə da maraqlandıqlarını deyib: “Sxadadze gəlməsə, başqa variantlara baxacağıq. Hazırda adını açıqlamaq istəmədiyim başqa namizədlər də var. Hər şeyə mövsüm başa çatanda sonra aydınlıq gələcək. Gürcüstan çempionatı mayın 17-də başa çatacaq, 4 gün sonra isə ölkə kubokunun finalında oynayacağıq. Yalnız bundan sonra nə isə dəqiqləşə bilər”.
Maraqlıdır ki, Gürcüstan çempionatının sonuna 3 tur qalmış ən yaxın izləyicisi “Zestafoni”dən 6 xal öndə olan “Dinamo” qızıl medalları qazanmağa ən real namizəddir. Belə olan halda, komanda baş məşqçi postunda niyə dəyişiklik edir: “Düzdür, hazırda komandanı Malxaz Jvaniya çalışdırır. Lakin o, baş məşqçi vəzifəsini müvəqqəti icra edir. Onunla müqavilə iyunun 23-də başa çatacaq. Hətta Jvaniyanın postunda qalması da mümkündür. Bu isə hardasa Sxadadzenin qərarından, bizim onunla söhbətimizdən, mövsümün nəticələrindən, digər namizədlərlə danışıqlardan asılı olacaq. Bütün bunlara əsasən, yekunda qərar verəcəyik. Sxadadzenin komandamıza gəlişindən sonra Azərbaycanda çıxış edən futbolçuların “Dinamo”da peyda olmasının mümkünlüyündən isə heç nə deyə bilmərəm. Bu məsələ baş məşqçidən asılıdır”.