“Heyf ki, komandaya Avroliqada kömək edə bilməyəcəyəm”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “Elfsborq”un sabiq baş məşqçisi Klas İnqesson deyib.
Martın 31-də “Atvidaberq”lə görüşdən sonra paltardəyişmə otağında əlini sındıran mütəxəssis komandanın məşqlərinə qolu sarğılı vəziyyətdə çıxmağa başlayıb. Ancaq az sonra “Göteborq”la matçın fasiləsi zamanı yıxılan Klas omba sümüyünü sındırıb. Dərhal xəstəxanaya yerləşdirilən və əməliyyat olunan İnqessonun uzun müddət əlil arabasında gəzəcəyi müəyyənləşib. Belədə onun yerinə baş məşqçi vəzifəsinə Yanne Mian təyin olunub.
Ancaq İnqesson əlil arabası ilə “Elfsborq”un məşqlərinə və oyunlarına gəlir. Ötən tur “Brommapoykarna” ilə “Buros-Arena”da keçirilən qarşılaşmanı (2:2) izləyən 45 yaşlı çalışdırıcı Avroliqanın II təsnifat mərhələsinin “İnter”lə görüşündə də stadionda olacaq: “Hesab edirəm ki, yetirmələrim fasilədən ayılıb. Biz yenidən çempionatda uğurlu seriya yaxalamalıydıq. Qismət olmadı. Halbuki belə olardısa, Avroliqada “İnter”lə görüş öncəsi komandada özünəəminlik yaranacaqdı. Ancaq yenə də mən onlara güvənirəm”.
Qeyd edək ki, “Elfsborq” – “İnter” görüşü iyulun 17-də Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.