“Fair Play” reytinqinin 45-cisi
09.05.2014 - 09:37
“Fair Play” reytinqinin 45-cisi

UEFA-ya üzv ölkələrin “Fair Play” reytinqinin yekun cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, cədvəldə 2013-ci il mayın 1-dən 2014-cü il aprelin 30-dək olan müddəti əhatə edən dövrdə klub və yığmalar səviyyəsində keçirilmiş 1866 oyun nəzərə alınıb.


Reytinq siyahısına Skandinaviya təmsilçiləri başçılıq edirlər. İlk pillədə Norveç qərarlaşıb. Bu ölkənin komandaları 80 oyuna əssən 8,233 xal toplayıb. 93 oyun keçirən İsveç komandaları 8,198, cəmi 55 matça çıxan Finlandiya təmsilçiləri 8,196 xala malikdir.

 

Maraqlıdır ki, ötən il də bu 3 ölkə ilk pillələrdə qərarlaşmışdı. Lakin həmin vaxt İsveç 1-ci,  Norveç 2-ci, Finlandiya isə indiki kimi 3-cü idi. Qitə miqyaslı klub turnirlərinin Əsasnaməsinə görə, “Fair Play” reytinqində ilk 3 yeri tutan milli assosiasiyalar Avropa Liqasında hərəyə bir əlavə yer alırlar. Bu səbəbdən də Skandinaviya ölkələrinin hərəsi Avropa Liqasına əlavə vəsiqə əldə edib.

Azərbaycan 54 ölkə arasında 45-ci yerdədir. Bu müddətdə 48 oyun keçirmiş komandalarımız ölkəmizin aktivinə 7,448 xal yazdırıblar. Bu göstəricidə Azərbaycan 14 pillə geriləyib. Belə ki, bir il əvvəl Azərbaycan 31-ci idi. Ölkəmiz əsas siyahıda yer alan 47 UEFA təmsilçisindən yalnız ikisini – Gürcüstan və Kipri arxada qoyub. Azərbaycandan aşağı pillələrdə yer alan digər 7 ölkə isə il ərzində 35-dən az matç keçirdiyi üçün əsas siyahıdan geri düşüb. Bunlar Ermənistan, Lixtenşteyn, Malta, Cəbəllütariq, Lüksemburq, San-Marino və Andorradır.