“Fənərbaxça” futbol klubu “Arsenal”ın müdafiəçisi Bakari Sanya uğrunda yarışa qoşulub. Apasport.az saytının məlumatına görə, İstanbul klubu Sanyanın hazırda aldığı məvacibi 2 dəfə artırmağa hazırdır.
Sanyanın “Arsenal”la müqaviləsi bu mövsümün sonunda başa çatır. London klubu oyunçunun tələblərini yerinə yetirməkdən və onun məvacibini artırmaqdan imtina edir. Futbolçuya yaxın mənbə bununla bağlı deyib: “Sanyanın “Arsenal”da qalacağına heç bir şans yoxdur. Təklif olunan yeni müqavilədən sonra Bakari özünü aldadılmış və satılmış hiss edir. Çünki o, uzun illər “Arsenal”a sadiq olub. Hazırda futbolçu bütün diqqətini tezliklə tərk edəcəyi klubuna kömək etməyə, çempionatı ilk dördlükdə başa vurmağa və İngiltərə Kubokunu qazanmağa yönəldib”.
Bəzi məlumatlara görə, “Fənərbaxça” Sanyaya həftədə 123 min funt (150 min avro) ödəməyə hazırdır. Müdafiəçinin hazırkı məvacibini 2 dəfə üstələyən bu məbləğ onun qərar qəbul etməsi zamanı həlledici rol oynaya bilər.
Qeyd edək ki, Bakari Sanya 8 il “Arsenal”ın formasını geyib.