Ukraynanın “Dinamo Kiyev” futbol klubuna yeni baş məşqçi təyin olunub. Apasport.az saytının məlumatına görə, klub prezidenti İqor Surkis komandanın keçmiş oyunçusu Sergey Rebrovu müvəqqəti baş məşqçi təyin edib.
39 yaşlı mütəxəssis ən azı mövsümün sonuna qədər baş məşqçi kimi çalışacaq. Kiyevlilər Rebrovun rəhbərliyi altında ilk matçlarını aprelin 20-də keçirəcəklər. “Dinamo” həmin gün Ukrayna çempionatı çərçivəsində Poltava “Vorskla”sı ilə görüşəcək.
Sergey Rebrov baş məşqçi postunda əfsanəvi futbolçu Oleq Bloxini əvəz edib. Bloxin “Dinamo”nun aprelin 16-da öz meydanında «Şaxtyor»a 2:0 hesabı ilə məğlub olmasından sonra istefaya göndərilib.
Rebrov Bloxinin məşqçi heyətinə 2013-cü ilin sentyabrında daxil edilib. Buna qədər o, komandanın strukturunda çalışıb. Yeni baş məşqçi futbol karyerası dövründə 1992-2000 və 2005-2008-ci illərdə “Dinamo”nun şərəfini qoruyub, komanda ilə bir yerdə 9 dəfə Ukrayna çempionu olub. Futbolçu bundan əlavə İngiltərə, Türkiyə və Rusiya çempionatlarında da oynayıb. O, “Fənərbaxça”nın heyətində oynadığı zaman Türkiyə çempionluğunu da qazanıb.