“Lans” və “Şeffild Uensdey” klubu sahibi olduğu “Bakı”nın prezidenti Hafiz Məmmədovdan (“Hafka”) cavab gözləyir. Apasport.az saytının məlumatına görə, ötən cümə 10 milyon avronun “Lans”ın hesabına köçürülməməyi komandanın növbəti mövsüm Liqa 1-də iştirak etməsini sual altına qoyub.
“Lans”ın prezidenti Jerve Martel isə bunu Azərbaycanda ictimai bayramın (26 iyun – Silahlı Qüvvələr gününü nəzərdə tutur – red.) olması ilə əlaqələndirib və bu üzdən gecikmənin olduğunu bildirib. Martel deyib ki, maliyyə problemi ciddi deyil və bu məsələnin iyulun 3-ü və ya 9-da həll olunacağı gözlənilir.
“Şeffild Uensdey”in prezidenti Milan Mandariç isə qayğısız görünür: “Mən bildiyimə görə, “Lans”dakı situasiya “Şeffild Uensdey”ə və ya bizim Məmmədovla əməkdaşlığımıza heç bir təsir etməyəcək. Mən digər klublardakı vəziyyət haqqında danışmaq istəmirəm. Çünki bu informasiyaya üstünlük vermirəm. Gələcək üçün hamıya yaxşı münasibətlər arzulayıram”.
Mandariç belə danışsa da, fakt budur ki, İngiltərə Futbol Liqası 3 həftə əvvəl Hafiz Məmmədovun himayəyə götürdüyü klubla əməkdaşlığını hələ də təsdiqləməyib. Mandariç bu məsələnin bu həftə təsdiqlənəcəyinə inandığını bildirib: “İnanıram ki, bu həftə bu baxımdan irəliləyiş olacaq”.
Qeyd edək ki, “Şeffild Uensdey” bugündən yeni mövsümün hazırlıqlarına başlayacaq. Ancaq hələ də pul probleminə görə qapıçı Kris Kirklend, portuqaliyalı Joze Semedu, hollandiyalı Qlenn Lovens və amerikalı Oquçi Onyevu kvarteti ilə başa çatmış müqavilələr yenilənməyib.