“İnter”, “Qəbələ” və rəqibləri necə hazırlıq keçib?
02.07.2014 - 18:12
“İnter”, “Qəbələ” və rəqibləri necə hazırlıq keçib?

Sabah “İnter” və “Qəbələ” yeni mövsümə rəsmən start verəcək. Apasport.az saytının məlumatına görə, “bankirlər” Avroliqanın I təsnifat mərhələsində Moldovanın “Tiraspol”, “qırmızı-qaralar” isə Bosniya və Herseqovinanın “Şiroki Briyeq” klubu ilə görüşəcək.

Komandalarımız və eləcə də onların rəqibləri bu oyunlara kimi müəyyən hazırlıq keçib. Saytımız bu komandaların Avroliqaya necə hazırlaşdığını göstərməyə çalışacaq.

“İnter”
Kaxaber Sxadadzenin yetirmələri həmişə olduğu kimi işini ehtiyatlı tutmağa çalışdı. İyulun 1-dən Türkiyənin Qocaeli şəhərinin Qartəpə qəsəbəsində fiziki hazırlıqlara başlayan “İnter” burda 1 yoxlama oyununda qüvvəsini də sınamağa imkan tapdı. İyunun 9-da afrikalı futbolçulardan ibarət komandanı darmadağın edən “bankirlər” rəqibini 6:0 hesabı ilə darmadağın etdi.

İyunun 10-13-ü Bakıya qayıdıb istirahət edən “İnter” toplanışın II mərhələsini Avstriyada keçirdi. Burda artıq komanda məşqlərlə yanaşı, daha çox yoxlama oyunlarında qüvvəsini sınamalı idi. Ancaq “bankirlər”ə nəzərdə tutulduğu kimi 5 hazırlıq qarşılaşması keçirmək müyəssər olmadı. Əvvəlcə iyunun 22-də Macarıstanın “Haladaş” klubu qarşı tərəfin mövqeyi nəzərə alınmamaqla yoxlama matçına çıxmaqdan imtina etdi. Hətta iş o yerə çatdı ki, “İnter” Sombathey təmsilçisindən şikayət etməyə hazırlaşdı. İyunun 27-də Slovakiyanın “Dukla” klubu ilə matç isə “İnter”in Lutsmannsburq qəsəbəsindəki oteli Loypersdorfdakına dəyişməsi səbəbindən keçirilmədi. Bir sözlə, komanda Avstriya toplanışı çərçivəsində keçirdiyi 3 oyundan 2-də qələbə qazanıb, 1-də məğlub oldu. “İnter” Mərkəzi Avropada 9 top vurub 4-nü qapısından buraxdı.

Türkiyə toplanışı
9 iyun

“İnter” – “Afrikan Çellenc” (U-21) 6:0
Qollar: İlkin Sadıqov, Mirzağa Hüseynpur, Yoan Bokonyano, Dieqo Madriqal, Mikel Alvaro (2)

Avstriya toplanışı
16 iyun

“İnter” – “Buxşaxen” (Avstriya) 5:0

Qollar: Mirzağa Hüseynpur (2), Baçana Sxadadze, Arif Daşdəmirov, Dieqo Madriqal

19 iyun
“İnter” – “Şturm” (Avstriya) 3:2
Qollar: Aleksandr Amisulaşvili, Aleksandar Todorovski (avtoqol), Yoan Bokonyano

25 iyun
“İnter” – “Spartak” (Slovakiya) 1:2

Qol: Matiya Şpiçiç

“Tiraspol”
Moldovanın gümüş medalçısı isə “İnter”dən fərqli, hazırlıqlara bir qədər gec başladı. İyunun 6-da məşqlərinə start verən tiraspollular ölkəni tərk etmədi. 5 yoxlama oyununda qüvvəsini sınayan “Tiraspol” “Botoşan”a (Rumıniya) 3:1, “Veris”ə (Moldova) 4:1 və “Daçiya”ya (Moldova) 1:0 hesabları ilə qalib gəldi. “Şerif” (Moldova) və “Tom”la (Rusiya) görüşlərdə isə 1:2 hesablı yenilgilər qeydə alındı.

“Qəbələ”
Yuri Syominin bürünc mükafatçımızla müqavilə bağlamaqdan imtina etməsi komandanın hazırlıq planlarına köklü surətdə təsir etdi. Baş məşqçi axtarışları o qədər uzandı ki, “Qəbələ”nin Türkiyə toplanışı ləğv olundu. Belədə Qəbələdə Sənan Qurbanovun rəhbərliyi altında yüngül məşqlərə başlayan “qırmızı-qaralar” iyunun 13-dən isə Sloveniyada hazırlıqlara start verdi. Əvvəlcə klubun danışıqlarda anlaşdığı İvaylo Petevin istəyinə görə 4 yoxlama oyunu nəzərdə tutulmuşdu. Ancaq bolqarıstanlı məşqçinin Kipr klubundan ayrıla bilməməsinə görə Dorinel Muntyanu komandaya gətirildi. O isə komandanın daha çox məşq etməsi üçün iyunun 21-də Bolqarıstanın “Botev” klubu ilə yoxlama oyunundan imtina etdi. “Qəbələ”nin Sloveniyada keçirdiyi bütün yoxlama görüşləri yerli komandalara qarşı oldu və minimal hesablarla başa çatdı.

Sloveniya toplanışı
15 iyun

“Qəbələ” – “Stoyntsi” (Sloveniya) 1:0

Qol: Nizami Hacıyev

18 iyun
“Qəbələ” – “Koper” (Sloveniya) 0:1


26 iyun
“Qəbələ” – “Maribor” (Sloveniya) 1:0

Qol: Rafael Santos

“Şiroki Briyeq”
Əslində “Qəbələ”nin rəqibi də hazırlıqlara gec başlayıb. Komanda iyunun 16-da məşqlərinə Musa-Karaçiç bazasında start verib. 1 həftədən sonra isə komanda “Jelezniçar”la qarşılaşıb. “Şiroki Briyeq” daha sonra Xorvatiyanın sabiq müdafiə naziri Qoyko Şuşakın şərəfinə keçirilmiş XV beynəlxalq turnirdə “Neretvanats” klubunu 2:1 məğlub edib. Ancaq finalda Xorvatiyanın “Split” klubu fasilədən sonra vurduğu 3 qolla “Qəbələ”nin rəqibini turniri qazanmasına imkan verməyib – 3:2.