Bakı “İnter”inin Avropa Liqasının I təsnifat mərhələsinin Moldova “Tiraspol”u ilə cavab oyununda restoran sahibi iştirak edəcək. Apasport.az saytının məlumatına görə, qarşılaşmanın baş hakimi təyin olunan Marios Panayi Kipr təmsilçisi olsa da, Yunanıstanda restorana malikdir.
34 yaşlı sahibkar 2010-cu ildən FİFA hakimidir. Panayi UEFA-nın referilər üçün 2-ci kateqoriyasına daxildir. İndiyədək klublarımızla yolları kəsişməyən adalı millilərimizin oyunlarında 3 dəfə fit çalıb.
2010-cu il sentyabrın 4-də U-21-lərin Avropa çempionatının seçmə mərhələsində Bakıda keçirilən Azərbaycan – Albaniya görüşündə Panayi ədaləti qoruyub. Komandamızın 3:2 hesabı ilə qalib gəldiyi görüşdə hakim meydan sahiblərinə 2, qonmaqlara 1 sarı vərəqə də verib.
2012-ci ilin oktyabrında isə U-19-ların qitə çempionatının mini turnirində yığmamızın İslandiya və Gürcüstanla görüşləri kiprliyə tapşırılmışdı. Həmin vaxt millimiz şimallılara 1:2 hesabı ilə uduzub və qonşularımızdan 1 xal alıb – 1:1. Panayi gürcüstanlılara 1 qırmızı vərəqə də verməyə imkan tapıb.
Qeyd edək ki, “İnter” – “Tiraspol” oyunu iyulun 10-da “Şəfa” stadionunda keçiriləcək.