“İnter”dən getmək istəyirəm”
08.05.2014 - 11:18
“İnter”dən getmək istəyirəm”

“Mövsüm başa çatan kimi komandanı tərk edəcəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “İnter”in yarımmüdafiəçisi Samir Zərgərov deyib.

O, Topaz Premyer Liqasının XXXIV turunun “Qarabağ”la oyunundan sonra komandadan göndəriləcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirib: “Qışda da bir-iki komanda məni istəyirdi. Amma zədəli idim. Bu vəziyyətdə başqa klublara keçməyimi düzgün hesab etmədim və ona görə burada qaldım. Bu mövsümü demək olar ki, bütünlüklə zədə ilə keçirdim. Yenə təkliflər var və artıq getmək istəyirəm. Çünki mən də meydana çıxıb oynamaq fikrindəyəm. Ona görə də mövsüm başa çatan kimi “İnter”lə yollarımı ayıracam. Düzdü, hələ ki nə rəhbərliklə, nə də baş məşqçi ilə söhbətim olmayıb. Mən də oynayacağım bir komandaya keçmək istəyirəm”.

Zərgərov həmçinin “İnter”in çempiona böyük hesabla (1:4) uduzmasına da aydınlıq gətirib: “Qarabağ” layiqli çempiondur. Çünki mövsümün əvvəlindən gözəl oyun göstərirdilər. Bütün komandalardan üstün futbol oynadılar və birinci oldular. Bu gün bizə 4 qol vurmaqları gözlənilməz oldu. Onları təbrik edirəm və uğurlar arzulayıram”.

ELSEVƏR