“Hazırda “İnter”in düşərgəsindəyəm. Burda əla ab-hava var. Çalışıram ki, baş məşqçiyə özümü yaxşı tərəfdən göstərim”. Bunu apasport.az saytına “İnter”də baxışda olan belçikalı futbolçu Yelle de Bok deyib.
“İnter” iyunun 1-dən Türkiyənin Kartəpə qəsəbəsində yeni mövsümün hazırlıqlarına start verib. Hazırda komandanın düşərgəsində 1 yeni futbolçu baxışdadır. Bu, belçikalı mərkəz müdafiəçisi Yelle de Bokdur.
O, “İnter”də baxışdan keçməyə razılıq verməsinə belə aydınlıq gətirib: “Son illər Hollandiyanın aşağı dəstəsində top qovurdum. Ona görə də karyeramda dəyişikliklər etmək qərarına gəldim. “İnter”in Azərbaycan çempionatında iddialı olması, ötən mövsümün gümüş medalçısı kimi Avroliqaya vəsiqə qazanması, üstəlik, daha yaxşı maliyyə qarşılığında oynamaq imkanı bu varianta üstünlük verməyimə səbəb oldu”.
Bok “Simurq”un yarımmüdafiəçisi Benjamin Lambot və “Neftçi”nin kamerunlu hücumçusu Ernest Nforu tanıdığını da bizə bildirdi: “Nfor mənim üçün çox məşhur futbolçudur. O, Belçikanın elita klublarında aparıcı futbolçulardan olub. Ancaq Lambot və Nforun hazırda Azərbaycanın hansı klublarında oynadıqlarından xəbərim yox idi”.
Səbuhi TOFİQOĞLU