“Elə alındı ki, biz imkanlardan yararlana bilmədik. Əvəzində iki əks-hücumdan sonra qapımızda qol gördük”. Apasport.az saytının məlumatına görə, bu sözləri Moldovanın “Tiraspol” klubunun futbolçusu Georgi Ovsyannikov deyib.
O bildirib ki, Avropa Liqasının I təsnifat mərhələsinin Bakı “İnter”inə ev məğlubiyyəti çox üzücü olub: “Əslində isə “İnter”in imkanları az oldu. Buna baxmayaraq onlar 3 qol vurdu. Qarşılaşmanı heç-heçəyə də daşıya bilərdik. Düşünürəm ki, bir az da vaxtımız olsaydı, daha bir qol vurub bərabərlik əldə edə bilərdik. Hesab edirəm ki, penalti oyunda dönüş nöqtəsi oldu. 11 metrlik cərimə zərbəsi olmasaydı, qarşılaşma başqa ssenari ilə gedərdi. İndi isə səfərdə minimum 2 qol vurmalıyıq. Çalışacağıq ki, bunu bacarıb mübarizəni davam etdirək. Rəqibdən daha çox qol imkanı əldə etdiyin matçda uduzmaq üzücüdür”.
Qeyd edək ki, “İnter” Tiraspoldakı qarşılaşmada 3:2 hesabı ilə qalib gəlib.