“Klublarımızın avrokubokların qrup mərhələsinə düşməsi realdı”
03.05.2014 - 13:55
“Klublarımızın avrokubokların qrup mərhələsinə düşməsi realdı”

“Futbol Azərbaycanda çox sevilir. Azarkeşlər idmanın bu növünə xüsusi diqqət ayırırlar”. Apasport.az xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

 

Məmmədov “Associated Press”ə müsahibəsində gələn il Bakıda keçiriləcək I Avropa Oyunlarından və Bakının 2020-ci ildə baş tutacaq Avropa çempionatının final mərhələsinə ev sahibliyi etməyə namizəd şəhərlər arasında göstərilməsindən danışıb.

 

“Ölkə prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı" haqqında sərəncam imzaladıqdan sonra Azərbaycanda futbol daha sürətlə inkişaf etməyə başladı. 17 yaşadək qızlar arasında dünya çempionatı Azərbaycanda keçirildi. Yarış yüksək səviyyədə təşkil olundu. 17 yaşadək oğlanlar arasında Avropa çempionatı 2016-cı ildə ölkəmizdə keçiriləcək. AFFA prezidenti Rövnəq Abdullayev bu turnirə böyük diqqət ayırır. Azərbaycan idman sahəsində son illərdə böyük uğurlara imza atır. Təsadüfi deyil ki, 2015-ci ildə Avropa Oyunları Azərbaycanın paytaxtında baş tutacaq. Ölkəmiz Avropanın idman mərkəzlərindən birinə çevrilməkdədir. Hazırda əsas hədəfimiz 2020-ci il Avropa çempionatının final mərhələsinə ev sahibliyi etməkdir” – deyə, baş katib bildirib.

 

AFFA rəsmisi Azərbaycan klublarının avrokuboklarda uğur qazana biləcəyinə inandığı söyləyib: “Neftçi” Avroliqanın qrup mərhələsində mübarizə aparıb, İtaliyanın “İnter” klubu ilə heç-heçə edib. Amma hədəfimiz növbəti illərdə Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsində oynamaqdır. Klublarımızın avrokubokların qrup mərhələsinə düşməsi realdı”.