“Koper”in müdafiəçisi: Onlar səfərə gəzməyə gəlməyəcəklər - MÜSAHİBƏ
18.07.2014 - 12:04
“Koper”in müdafiəçisi: Onlar səfərə gəzməyə gəlməyəcəklər - MÜSAHİBƏ

Sloveniyanın “Koper” klubu dünən Avroliqanın II təsnifat mərhələsində Bakıda “Neftçi”yə 2:1 hesabı ilə qalib gəlib. Oyundan sonra qonaqların bosniyaəsilli mərkəz müdafiəçisi Denis Haliloviç apasport.az saytına müsahibə verib.

 

 

- Qələbəniz haqqında fikirlərinizi bildirərdiniz?

- Çətin oyun oldu. Qələbə qazandıq və yaxşı nəticə ilə Sloveniyaya qayıdırıq. Amma bu hələ “Koper” və “Neftçi” arasındakı oyunun ilk hissəsi idi. İkinci yarı da var. Cavab oyunu daha gərgin olacaq. Çünki “Neftçi”nin güclü və iddialı komanda olduğunu bilirik. Onlar səfərə gəzməyə gəlməyəcəklər.

 

- “Neftçi”nin oyunu sizdə hansı fikirlər yaratdı?

- Oyundan əvvəl də biz bildirmişdik ki, rəqib güclü komandadır. Bu gün də onlar öz oyunu ilə bunu sübut etdi. Onlar daha çox hücum edirdilər və qol vəziyyətləri yaradırdılar. Sevinirəm ki, belə bir komanda ilə matçda qalib gələ bildik. Evdə bu üstünlüyümüzdən istifadə etməyə çalışacacağıq.

 

- Səfərdə 2 qol vurub qalib gəlmisiniz. Sizin növbəti mərhələdə olduğunuzu demək olar?

- Yox, belə demək olmaz. Amma təbii ki, 2 qol belə oyunlarda böyük üstünlükdür. Biz Sloveniyada daha rahat oynayacağıq. Ancaq yenə də ehtiyatlı olmalıyıq. “Neftçi” təhlükəli komandadır. Heyətlərində Culius Vobay, Flavinyo, Erik Ramos və Saşa Stamenkoviç kimi futbolçular var. 7 nömrəni (Araz Abdullayevi nəzərdə tutur – E.M) isə xüsusi qeyd etmək istəyirəm. O, çox yaxşı futbolçudur. Həm də gəncdir.

 

- Matç ərzində futbolçular arasında bir neçə dəfə gərginlik yaşandı. Buna səbəb nə idi?

- Məncə, hər iki komandanın daha istəkli olması gərginliyi artırırdı. Belə oyunlarda bu normal haldır. Şişirtmək lazım deyil. Olanlar stadionda qaldı. İnanıram ki, bunun davamı Sloveniyada olmayacaq və hər şey qaydasında gedəcək.

 

- İlk mərhələdə “Çelik”i ümumi hesabda 9:0 məğlub etmişdiniz. Bu, çox yaxşı nəticədir. “Çelik”lə “Neftçi”ni müqayisə edə bilərsiniz?

- (Gülür) “Çelik”lə “Neftçi”ni müqayisə etmək çətindir. Axı Azərbaycan klubu Avroliqanın qrup mərhələsində oynayıb. Heyətlərindəki futbolçular da daha güclüdür. Məncə, bu müqayisə düzgün olmaz.

 

- Həmin matçlardan sonra UEFA araşdırmalara başlamışdı...

- Mənim üçün o araşdırmaların bir mənası yoxdur. Əziyyət çəkib mərhələ adlamışıq. UEFA isə bütün oyunları araşdıra bilər. Biz onlara heç nə deyə bilmərik.

 

Elsevər MƏMMƏDOV