Bir oyunda 31 penalti: “Liverpul” “Neftçi”ni qabaqladı
24.09.2014 - 08:28
Bir oyunda 31 penalti: “Liverpul” “Neftçi”ni qabaqladı

İngiltərə Liqa kubokunda qeyri-adi hadisə qeydə alınıb. Apasport.az saytının məlumatına görə, “Liverpul” və “Midlsbro arasında əsas vaxtı 2:2 hesabı ilə başa çatan qarşılaşmada qalibi müəyyənləşdirmək üçün oyunsonrası penaltilər seriyasında 30 zərbə vurulub. Buna qədər isə "Liverpul"un hesabı məhz penaltidən açdığını nəzərə alsaq, qarşılşamada futbolçular 31 dəfə "ağ nöqtə"yə yaxınlaşıblar.

 

Hər komandanın 15 dəfə penalti nöqtəsinə yaxınlaşdığı seriyada “Liverpul” qalib gəlib – 14:13. Oyunsonrası “lotereya”nın belə uzun sürməsi isə futbolda az rast gəlinən hadisədi.

 

Müqayisə üçün qeyd edək ki, Azərbaycanda rekord hər komandanın 13 zərbə vurmasıdı. Buna Azərbaycan Superkubokunda təsadüf olunub. 1995-ci ildə “Neftçi” əsas vaxtı 1:1 hesabı ilə nəticələnən görüşdə “Turan”ı penaltilər seriyasında 8:7 hesabı ilə məğlub edib. İngiltərədəki oyun isə bizim rekordumuzu da arxada qoyub.

 

Qeyd edək ki, futbol tarixində mütləq rekord qeydə alınmasa da, daha uzun seriyalar kifayət qədər olub. Ən yaddaqalan seriyalardan biri Argentina kubokunda olub. 1986-cı  ildə də 1:1 hesabı ilə bitən görüşün seriyasında “Adelant Ribenk” “Kalves”i məğlub edib – 28:27. Amma bu da mütləq rekord deyil. Çünki irili-xırdalı yüzlərlə yarışda qeydə alınan nəticələrin hamısı belə məşhurlaşmır.