İngiltərə Premyer Liqasının icraçı direktoru Riçard Skudamor “Mançester Yunayted”in problemləri barədə danışıb. Apasport.az saytının məlumatına görə, Skudamor “qırmızı şeytanların” problemlərinin Premyer Liqanın imicinə zərbə vurduğunu bildirib.
Xatırladaq ki, “Mançester Yunayted” çempionatın başa çatmasına 7 tur qalmış lider “Çelsi”dən 18 xal geridədir. “Qırmızı şeytanlar” növbəti turda çempionluq şanslarını hətta nəzəri cəhətdən belə itirə bilərlər. Bundan əlavə, komanda uzun illərdən bəri ilk dəfə Çempionlar Liqasına da düşməyə bilər.
Premyer Liqanın icraçı direktoru bunun onlara da təsir etdiyini vurğulayıb: “Bu, iki başı olan ağaca bənzəyir. Sizin ən populyar klubunuz pis nəticə göstərməyə başlayanda, tamaşaçı, azarkeş marağı da zəifləyir. Bütün dünyadakı azarkeşlərimizin çoxu “Mançester Yunayted”in yenidən qələbə qazanmağa başlamasını istəyirlər. Amma bu, bizim əlimizdə deyil. Biz yarışa cavabdehik. Yarış isə rəqabəti nəzərdə tutur”.