[b]“Maradona”: “Məni futboldan iyrəndirdilər” - MÜSAHİBƏ[/b]
02.06.2015 - 23:11
[b]“Maradona”: “Məni futboldan iyrəndirdilər” - MÜSAHİBƏ[/b]

Dünən Qəbələdə 1996-cı ildə keçirilən ölkə kubokunun final matçında “Qarabağ” və “Neftçi”nin heyətində yer alan futbolçular yenidən yaşıl meydanda idi. Təbii ki, onlar arasında uzun müddət ölkə xaricində yaşayanları görmək də xoş oldu. Hazırda Almaniyada yaşayan və bu dueldə iştirak etmək üçün ölkəmizə təşrif buyuran İlham Məmmədov qarşılaşmadan sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

 

- Sonuncu dəfə ölkəmizdə nə vaxt olmusunuz?

- Ötən ilin dekabrında gəlmişdim. Hüzrlə bağlı səfər etmişdim. Bir ay qaldım və sonra geri döndüm.

 

- Ümumiyyətlə, tez-tez gəlirsiz?

- İldə bir dəfə, bəzən 2-3 ildə bir dəfə gəlməyə çalışıram.

 

- Almaniyada diasporlarla birgə çalışan İlham Məmmədov sizsiniz?

- Xeyr, mənim diasporlarla əlaqəm yoxdu. Təxminən 2-3 il əvvəl Xocalı soyqırımı ilə bağlı birgə aksiya keçirdik. Yəni Xocalıda həmvətənlərimizə qarşı edilən haqsızlığı əcnəbilərin diqqətinə çatdırmağa çalışdıq.

 

- Bəs nə işlə məşğulsunuz?

- Həyat yoldaşımla birgə firma qurmuşuq və öz biznesimizi inkişaf etdiririk. Futbolla bağlılığı yoxdu.

 

- Bəs futboldan niyə uzaqlaşdınız? Pul olmadığına görə?

- Elə deməzdim. Həyatdı, qismətdi, belə alındı.

 

- Futbol üçün darıxmırsınız?

- Çox darıxıram. Təxminən 16 ildi Almaniyada yaşayıram.

 

- Futbol üçün bu qədər darıxırsınızsa, niyə bu sahəyə dönmürsünüz?

- Açığı, məni çox iyrəndirdilər. Almaniyaya gedən zaman menecerim çox incitdi məni. Transfer pulumu vermədilər. Sonra bir müddət türklərlə işlədim. Onlar da həvəskar idilər. Məşqə bir gün 5 nəfər gəlirdi, o biri gün 6-7 nəfər. Həm də artıq gecdi, 46 yaşım var. Təzədən kursda oxumaq, bu sahəyə dönmək gecdi. Gecikmişəm.

 

- Övladlarınızdan bu sahəyə maraq göstərən varmı?

- Böyük oğlum bir il məşqə getdi. Amma həvəsi yox idi. Həvəssizdirsə, yalandan niyə vaxtını itirsin ki? Fikirləşdim ki, başqa sahəyə yönəlsin.

 

-Keçmiş komanda yoldaşlarınızla yenidən yaşıl meydanda bir yerdə oynadınız. Təəssüratlarınızı bilmək istərdik...

- Çox sevindim. Bakıdan oyuna dəvət ediləndə inanın çox şad oldum. Bəzi futbolçular var ki onları 18-19 il idi görmürdüm.

 

- Görüşən zaman hansı zarafatları yada saldınız?

- İnanın, Bakıdan Qəbələyə qədər o qədər gülmüşəm ki. Uşaqlara dedim ki, gülməkdən yorulmuşam, mən oynaya bilməyəcəm. Aydın Ələkbərov, Yaşar Vahabzadə xatirələri yada saldı. Öz aramızda olan şeylərdi deyə, danışmaq istəmirəm.

 

- Azərbaycan futbolu ilə necə, maraqlanırsınızmı?

- İnternet vasitəsilə maraqlanıram. Baxıram hansı komanda çempion oldu, ikinci pilləni kim tutdu. Yəni qiyabi şəkildə tanışam.

 

- Sizə yenə “Maradona” deyirlər?

- Kimisi Məmmədov, kimisi də “Maradona” deyir. Adımla müraciət edənlər də var. Həm də artıq yeni “maradonalar” yetişib.

 

- Hansı oyunu illər keçsə də hələ də xatırlayırsınız?

- 1996-cı ildəki ölkə kubokunun final matçını qeyd edərdim. “Qarabağ”ı 3:0 hesabı ilə məğlub etdik. 90-cı dəqiqədə qapımızın qarşısında “podkat” fəndi ilə topu rəqibdən aldım. Hamısı yadımdadı. Maraqlı oyun oldu. Həmin vaxt 90 dəqiqə qaçırdım. İndi hərəkət edə bilmirəm. Kuboku qazandığımıza görə çox sevinmişdim.

 

- Bəs bu dəfə nəyə sevindiniz?

- Keçmiş komanda yoldaşlarımı gördüm, onların varlığı məni çox sevindirir.

 

- Formasını geyindiyiniz klublar yadınızdadımı?

- Xatırlayıram, amma danışa bilmirəm. Keçmiş klublarım haqda danışanda kövrəlirəm (qəhərləndi). Çox ağırdı. Hər birinin özü yeri var. Kaş onlar qalaydı. O illəri unuda bilmirəm. İstəməzdim ki, hansısa klubumuz dağılsın. Bura gəldikdən sonra eşitdim ki, klublarımız yenidən maliyyə problemi ilə üzləşib. Çox pis xəbər oldu. Biz elə vaxt olurdu 6-7 ay maaş almırdıq, amma oyunları da buraxmırdıq.

 

- Amma bu gün 3-4 ay maaş almayan futbolçular klubdan ayrılırlar.

- Bizim dövrün futbolçuları başqa ruhda tərbiyə olunmuşdular. Aylarla pul üzü görmürdük, ancaq klubumuza da hörmətsizlik etmirdik. Sona qədər əlimizdən gələni edirdik. Gec də olsa pulumuzu verirdilər. Axıra 1-2 tur qalmış meydana çıxmayanları anlaya bilmirəm. 3-4 ay oynamısan, 1-2 oyun qalıb, niyə meydana çıxmırsan?

 

- Sizə də bu qədər pul verilsəydi başınız gicəllənərdimi?

- Biz də pulsuz oynamamışıq. Amma pulu da əsas tutmamışıq. Oynamışıq, alacağımızı sonra veriblər. Həm öz, həm də klubumuzun nüfuzuna zərər gətirmək istəməmişik. İndi niyə belə olub, deyə bilmərəm.

 

- Bakıya səfərinizi kim təşkil edib?

- Biletimi PFL alıb.