Azərbaycan futbolunda legioner limitinin növbəti pozuntusu qeydə alınıb. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının I turunda belə qayda pozuntusuna yol verən “Qarabağ” bu taleyi yaşayan 3-cü komanda olub. Bunlardan ikisi çempionat, biri kuboka təsadüf edib.
Ölkəmizdə ilk belə hal 2005/06 mövsümündə qeydə alınıb. Həmin vaxt Azərbaycan kubokunun 1/4 finalında “Xəzər Lənkəran” “MKT-Araz”la qarşılaşmışdı. İki matçın yekununda mərhələni İmişli təmsilçisi keçsə də, onların heyətində olan legionerlərdən birinin sənədləri aranı qarışdırdı.
Mövsüm ərzində milliləşən kimi çıxış edən ukraynalı Yevgeni Şimanın yerli statusu qanunsuz sayıldı. Milliləşən deyil, təmiz legioner olması üzə çıxan futbolçu “MKT-Araz”ı çətin vəziyyətə saldı. Həmin vaxt əsasnamədə limit pozuntusuna dair heç nə olmadığından götür-qoy edən AFFA sonda hər iki oyunun yenidən keçirilməsinə qərar verdi. Hər iki təkrar matç Bakıda baş tutdu və yarımfinala “Xəzər Lənkran” yüksəldi.
Legioner limitinin ikinci pozuntusu isə 2012/13 mövsümündə qeydə alınıb. Premyer Liqadakı ilk “Rəvan”ın hesabına yazılıb. Paytaxt təmsilçisi “Simurq”a uduzduğu qarşılaşmada bir neçə dəqiqəlik limiti pozmasının cəzasını aldı. Baş məşqçi Kemal Alispahiçin əvəzetmələr zamanı bu qaydaya riayət etməməsi texniki məğlubiyyətlə nəticələndi.
Bundan 20 ay sonra isə Qurban Qurbanov oxşar xətaya yol verdi. 42 yaşlı çalışdırıcı “Sumqayıt”a 3 cavabsız qol vuran komandasının əziyyətini heçə endirən səhv buraxdı. Azərbaycan çempionu Riçard Almeydanın əvəzetmə zamanı meydana daxil olması ilə limiti pozub. Buna görə veriləcək texniki məğlubiyyətinə sabah qovuşacaq. Çünki bunu yalnız İntizam Komitəsi rəsmiləşdirə bilər.
Qeyd edək ki, əvəzedicilərin çempionatında da limitin pozulmasına təsadüf olunub. Lakin orada legioner limiti deyil, yaş limitinə riayət edilməyib.