“Monako” Valdeslə müqavilə imzalamaqdan imtina etdi
10.06.2014 - 22:05
“Monako” Valdeslə müqavilə imzalamaqdan imtina etdi

 

Fransanın “Monako” klubunun rəhbərliyi “Barselona”nın keçmiş qapıçısı Viktor Valdeslə müqavilə imzalamaq fikrindən daşınıb. Apasport.az saytının məlumatına görə, Valdes bundan əvvəl Kataloniya klubu ilə başa çatan müqaviləsini yeniləməkdən imtina edib.

 

32 yaşlı qapıçı İspaniya çempionatında “Selta”ya qarşı oyunda sağ dizindən ciddi zədələnib. O, martın 31-də Almaniyada əməliyyat olunub. Mətbuatın yazdığına görə, “Barselona” bütün karyerasını Kataloniya klubunda keçirən futbolçuya hörmət əlaməti olaraq onunla müqaviləni yeniləməyi təklif etsə də, qapıçı hələ mart ayında “Monako” ilə ilkin müqavilə imzalayıb.

 

İndi isə Fransa klubunda Valdesin fiziki forması ilə bağlı şübhələr yaranıb. Bu səbəbdən də, onunla müqavilə imzalamamaq barədə qərar alınıb.