“Monako” klubunun baş məşqçisi Leonardu Jardim hücumçu Radamel Falkaonun gələcəyi ilə bağlı danışıb. Apasport.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssis şayiələrə baxmayaraq kolumbiyalı hücumçunun heç bir yerə getməyəcəyini bildirib.
Qeyd edək ki, İspaniya mətbuatı “Real”ın Falkao ilə maraqlandığını yazır. Hətta artıq tərəflər arasında futbolçunun 1 illik müqaviləsi ilə bağlı razılaşma əldə olunduğu, Falkaonun isə kral klubunda oynamaq üçün məvacibinin 2 dəfə azaldılmasına razı olduğu iddia edilir.
Jardim Falkaonun “Monako”nun futbolçusu olaraq qaldığını vurğulayıb: “Biz onu harasa buraxmağa hazırlaşmırıq. Çox təəssüf edirəm ki, artıq Xames Rodriqesi itirmişik. İndi də Falkaonu itirə bilmərik. Şayiələrə baxmayaraq, Radamel komandada qalacaq. O, ən azı bu mövsüm bizimlədir”.