Topaz Premyer Liqasında XXIII turun oyunları fevralın 19-da keçiriləcək. Apasport.az saytının məlumatına görə, iki qarşılaşmanın başlanma saatı artıq bəlli olub.
Həmin gün saat 17:00-da “Qəbələ” doğma meydançasında “Xəzər Lənkəran”ı qəbul edəcək. Avrokuboka düşmək şansı get-gedə azalan “Qəbələ” bu qarşılaşmada nəyin bahasına olursa-olsun qələbə qazanmalıdı.
Saat 19:00-da isə bütün çempionatların iştirakçıları olan “Neftçi” ilə “Qarabağ” meydana çıxacaqlar. “Qarabağ” bu görüşdə liderliyini qorumaq və əsas rəqiblərindən birini sıradan çıxarmağa çalışacaqsa, “Neftçi”nin çempionluq uğrunda mübarizədə bu, son şansıdı.
Həm “Qəbələ” – “Xəzər Lənkəran”, həm də “Neftçi” – “Qarabağ” oyunu “İdman Azərbaycan” kanalı vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, XXIII turun digər oyunlarında “İnter” AZAL-ın, “Sumqayıt” isə “Simurq”un qonağı olacaq.