“Neftçi” yaxşı komandadır. Lakin elə rəqib deyil ki, “Çixura” uda bilməsin”. Apasport.az saytının məlumatına görə, bu sözləri Gürcüstanın “Çixura” klubunun futbolçusu Georgi Koripadze deyib.
25 yaşlı yarımmüdafiəçi Avropa Liqasının III təsnifat mərhələsinin “Neftçi” ilə cavab oyunu haqda fikirlərini açıqlayıb: “Bu üzdən də azarkeşlər bizə dəstək olmalıdır ki, uğura birlikdə imza ataq. Biz bu mərhələnin də keçmək üçün hər şey edəcəyik. “Bursaspor”la oyunlar heç də bundan asan olmamışdı. Lakin mərhələni biz keçmişdik. Düşünürəm ki, “Neftçi”ni də məğlub edə biləcəyik”.
Koripadze Bakıda baş tutan ilk oyunda (0:0) qeydə alınan insidentə də toxunub: “Gürcüstanda idman azarkeşləri yığmalar və klubları çox yaxşı dəstəkləyir. Biz də bunu qiymətləndirməliyik. Bakıda xoşagəlməz hadisə yaşandı. Azarkeşlərin əlində vahid Gürcüstanın bayrağı olub ki, burada da müəyyən ərazilərin hansı illərdə itirildiyi əksini tapıb. Onlar bunu kimisə təxribata çəkməyə deyil, vətənə olan sevgiyə görə ediblər. Nəticədə anlaşılmazlıq yaşanıb. Bu insidenti unutmalıyıq. İnanıram ki, azarkeşlərimiz yenə bizi dəstəkləyəcək. Komandamız üçün hər fanatın olması əhəmiyyətlidir. Onlardan xahiş edirəm ki, inciklikləri kənara qoyub bir yerdə bizə dəstək olsun”.