Ölkəmizi Avroliqanın II təsnifat mərhələsindən etibarən təmsil edəcək “Neftçi” Bolu hazırlıqları zamanı 2 yoxlama oyunu keçirəcək. Klubun vitse-prezidenti Tahir Süleymanovun apasport.az saytına verdiyi xəbərə görə, Türkiyə hazırlıqları iyunun 12-dən 28-dək baş tutacaq.
Artıq “Neftçi”nin burda gücünü sınayacağı rəqiblərdən birinin adı bəlli olub. Bu, Gürcüstan kubokunun finalında Tbilisi “Dinamo”suna 1:2 hesabı ilə məğlub olmuş Saçxere “Çixura”sıdır. Bu komandada “İnter”in sabiq oyunçuları – qapıçı Revaz Tevdoradze və yarımmüdafiəçi David Odikadze çıxış edir. “Neftçi”nin Boludakı digər rəqibi isə Birləşmiş Ərəb Əmirliyi və Türkiyə təmsilçilərindən biri olacaq.
Qeyd edək ki, iyunun 6-dan Bakıda hazırlıqlara başlamış “Neftçi” iyulun 1-dən Avstriyada toplanış keçəcək. Ölkə kubokunun son sahibi burda 4 görüşdə qüvvəsini sınayacaq.