“Son 2 turda adi oyun epizodlarına görə mənə sarı vərəqə göstərilib. “Xəzər Lənkəran”la görüşdə hakim rəqib futbolçuların demək olar bütün kobudluqlarına göz yumurdu”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin futbolçusu Ernest Nfor deyib.
Kamerunlu hücumçu “Neftçi”nin Topaz Premyer Liqasında keçirdiyi ardıcıl 2 oyunda sarı vərəqə alıb. O, bundan narazılığını klubun rəsmi saytına verdiyi açıqlamasında bildirib: “Bakı” ilə qarşılaşmada rəqib futbolçu məni tapdalasa da, sarı vərəqə mənə göstərildi. “İnter”lə oyunda da eyni vəziyyətlə üzləşdim. Rəqib komandanın futbolçusu Brüs Abdulaye əllə oynadığı üçün 2-ci sarı vərəqəni almalı idi. Mən bunu Avropa təcrübəmə əsaslanıb deyirəm. Bəlkə burada fərqli qaydalar tətbiq olunur, amma mənim bundan xəbərim yoxdur?! Üstəlik, mənə nə üçün sarı vərəqə göstərildiyini də başa düşmədim”.
Afrikalı futbolçu XXIV turun “Qarabağ”la matçında Bruno Bertuççi və Karlos Kardosodan başqa, “Neftçi”nin digər 5 oyunçusunun cəzalı durumda ola biləcəyini söyləyib: “Sumqayıt”la oyuna məndən başqa, 5 futbolçumuz sarı vərəqə limitini doldurmaq təhlükəsi ilə çıxacaq. Belə gərginlik altında necə oynamaq olar?! Ondan sonrakı tur “Qarabağ”la vacib matçımız var. Həmin qarşılaşmada Bertuççi və Kardoso meydanda olmayacaq. Bizdən də kimsə “Sumqayıt”la oyunda sarı vərəqə alsa, həmin matçı buraxmalı olacaq. Belə vəziyyətdə çempionluq uğrunda hansı sağlam rəqabətdən söhbət gedə bilər?!”.