“Neftçi”nin qənimi “Qarabağ”ın potensial rəqibi oldu
01.05.2014 - 12:20
“Neftçi”nin qənimi “Qarabağ”ın potensial rəqibi oldu

Avropanın daha bir ölkəsində çempionun adı bəlli olub. Apasport.az saytının məlumatına görə, Albaniya çempionatı başa çatmamış “Skenderbeu” klubu ötən mövsüm qazandığı titulu qoruyub.

 

2013-cü ilin yayında “Neftçi”ni əlavə vaxtda vurulan qolla (0:0, 1:0) Çempionlar Liqasının II təsnifat mərhələsindən kənarlaşdıran komanda finişə 1 tur qalmış qızıl medalları təmin edib. Ehtiyatda 1 oyunu da olan “Skenderbeu” XXXII turda öz meydanında “Kukesi” ilə 3:3 etməklə xal hesabını 58-ə çatdırıb. Bununla, çempion 32 oyuna 54 xal toplayan “Kukesi” üçün əlçatmaz olub.

 

Qeyd edək ki, ardıcıl 4-cü, ümumilikdə 5-ci çempionluğunu qeyd edən Korça təmsilçisi yenə Çempionlar Liqasına II təsnifat mərhələsindən başlayacaq. Bu isə onların yenə Azərbaycan təmsilçisinə, böyük ehtimalla “Qarabağ”a potensial rəqib olması deməkdir.