“Neftçi”nin taleyi Asim Xudiyevin qiymət verdiyi hakimə tapşırıldı
14.07.2014 - 15:05
“Neftçi”nin taleyi Asim Xudiyevin qiymət verdiyi hakimə tapşırıldı

Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi”nin oyununu idarə edəcək belaruslu referi Denis Şerbakov 2012-ci ildən beynəlxalq dərəcəyə malikdi. Apasport.az saytının məlumatına görə, 36 yaşlı FİFA hakimi iki il yarım ərzində Azərbaycan komandaları ilə qarşılaşmayıb.

 

İyulun 17-də “Bakcell Arena”da Sloveniyanın “Koper” klubunu qəbul edəcək “Neftçi” Şerbakov üçün ilk olacaq. İndiyədək 12 beynəlxalq matça çıxan belaruslu avrokuboklarda 2 dəfə iş başında olub. Avropa Liqasındakı oyunlar 2012/13 və 2013/14 mövsümlərinə təsadüf edib.

 

Cari mövsümdə isə Qazaxıstan “Astana”sının Ermənistan “Pünik”i üzərində qələbəsində iştirak edən referi meydana 4-cü hakim kimi çıxıb. İyulun 10-dakı bu matçın hakim-inspektoru isə həmyerlimiz Asim Xudiyev olub. “Neftçi”nin sabiq futbolçusu belaruslu hakimin işinə qiymət verib. Şerbakovun digər görüşləri gənc və yeniyetmə komandalarının görüşlərinə təsadüf edib.

 

Bakı səfəri ərəfəsində Şerbakovun idarə etdiyi son matç isə Belarusun 2-ci divizionunda olub. İki gün əvvəl baş tutan “Lida” – “Ximik” oyununda ədalət təmsilçisi 4 qol görüb – 3:1.