“Qalatasaray” başqanı Ünal Aysal şotlandiyalı mütəxəssis Devid Moyesin baş məşqçi postuna gətirildiyi ilə bağlı xəbərə aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, Aysal Moyeslə heç bir müqavilə imzalamaq fikrində olmadıqlarını bildirib.
Qeyd edək ki, bundan əvvəl “Qalatasaray”ın «Mançester Yunayted»in keçmiş baş məşqçisi ilə müqavilə imzalayacağı iddia olunurdu. Xəbərdə danışıqların artıq yekunlaşmaq üzrə olduğu da qeyd edilirdi.
Aysal Moyeslə İstanbulda görüş keçirdiyini etiraf etsə də, onun baş məşqçi postuna gətirilməsi xəbərinin düzgün olmadığını bildirib: “Moyes qonağımızdır. İstanbulu gəzib, vətəninə qayıdır. Onunla müqavilə imzalamağımız gündəmdə deyil. Biz tələsmirik, Moyes də tələsmir. Həmişə demişəm – əsas namizədlərimiz alman məşqçilərdir. Onlarla anlaşa bilməsək, Moyes alternativ ola bilər”.