“Qalatasaray”ın əfsanəvi oyunçusuna 3 il həbs cəzası!
04.03.2014 - 21:40
“Qalatasaray”ın əfsanəvi oyunçusuna 3 il həbs cəzası!

“Qalatasaray”ın əfsanəvi oyunçusuna 3 il həbs cəzası!

 

Rumıniya millisinin və Türkiyənin “Qalatasaray” futbol klubunun keçmiş oyunçusu George Popesku 3 il 1 ay həbs cəzası alıb. Apasport.az saytının məlumatına görə, Popesku futbolçuların satışı zamanı maliyyə fırıldağına yol verməkdə günahkar bilinib.

 

Popesku futbolçu karyerasını başa vurandan sonra bizneslə məşğul olub və Bekali qardaşları ilə işbirliyi qurub. Böyük qardaş İoan Bekali 6 il 4 ay, kiçik qardaş Viktor 4 il 8 ay həbs cəzası alıb. Bundan əlavə, Buxarest “Dinamo”sunun keçmiş icraçı direktoru Kristi Borça 6 il 4 ay, “Styaua”nın keçmiş baş meneceri Mixay Stoyka 3 il 6 ay, Buxarest “Rapid”nin keçmiş sahibi George Kopos 3 il 8 ay, “Qloriya”nın fəxri prezidenti Jan Paduryanu 3 il 4 ay, biznesmen Qiqi Netoyyu 3 il 4 ay həbs cəzası alıblar.

 

George Popesku Rumıniya (1988), Hollandiya (1991, 1992), Türkiyə (1998, 1999, 2000) çempionudur. Rumıniya kubokunu (1988), İspaniya kubokunu (1997), Hollandiya superkubokunu (1997) qazanıb. “Qalatasaray”da oynadığı zaman UEFA kubokunun (2000), UEFA Superkubokunun (2000) sahibi olub. Bundan əlavə, Kuboklar Kubokunu, UEFA Çempionlar Kubokunu qazanıb. Müxtəlif illərdə “Unversitatya” (Rumıniya), “Styaua” (Rumıniya), “PSV Eyndhoven” (Hollandiya), “Tottenhem” (İngiltərə), “Barselona” (İspaniya), “Qalatasaray” (Türkiyə), “Leççe” (İtaliya), “Dinamo Buxarest” (Rumıniya), “Hannover 06” (Almaniya) komandalarının heyətində oynayıb.

 

“Qalatasaray”ın daha bir əfsanəsi Georgi Hacının həyat yoldaşının qardaşıdır.

 

 

0