Gürcüstan yığmasının hücumçusu Vladimir Dvalişvili Azərbaycanın 2 klubundan təklif alıb. Apasport.az saytının əldə etdiyi xəbərə görə, “Qarabağ” və “Bakı” “Lado” ləqəbli futbolçunun xidmətində maraqlıdır.
28 yaşlı hücumçunun hazırda “Leqiya” ilə 1 illik müqaviləsi olsa da, Varşava təmsilçisi gürcüstanlı legioneri satmaq istəyir.
“Leqiya”da 34 oyuna 15 qol vuran futbolçu hazırda İsveçrədə “İnter”in futbolçuları Laşa Salukvadze və Baçana Sxadadze ilə birgə millisinin düşərgəsindədir. O, mayın 30-da Gürcüstan millisinin Səudiyyə Ərəbistanı ilə yoldaşlıq görüşündə (2:0) meydana fasilədən sonra çıxıb və 71-ci dəqiqədə komandasının 2-ci qolunu vurub.
Qeyd edək ki, Dvalişvilinin gələcək taleyi hələ də bilinməyən “Bakı”dan çox, “Qarabağ”a keçəcəyi daha real görünür. Çünki “Qarabağ” hələ ötən il bu futbolçu “Poloniya”da çıxış edən vaxt da onunla maraqlanırdı. Üstəlik, Ağdam təmsilçisi göndərdiyi Caba Dvalinin yerinə bir forvard almağı düşünür.