“Qarabağ” “Udineze”dən güclüdür?
05.06.2014 - 14:45
“Qarabağ” “Udineze”dən güclüdür?

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü klublarının reytinq siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, qurum 2013-cü il mayın 1-dən 2014-cü il mayın 31-dək olan dövr üçün planetin 200 ən yaxşılarını müəyyənləşdirib.

Cədvəldə Azərbaycanın yeganə təmsilçisi yenə “Qarabağ”dır. Apreldə 123 xalla 119-cu yerdə olan Qurban Qurbanovun yetirmələri maydakı uğurlu çıxış sayəsində 8 pillə irəliləyiblər.

 

Hazırda 122 xalı olan Ağdam təmsilçisi 111-ci pilləyə yüksəlib. İkinci çempionluğunu bayram edən komanda bununla “Sent-Etyen” (Fransa), “Makkabi” (Hayfa, İsrail), “Udineze” (İtaliya) kimi klubları arxada qoyub.

Siyahının ilk “üçlüyü”ndə dəyişiklik baş verməyib. Zirvədə yenə “Bavariya” qərarlaşıb. Almaniya klubunun 336 xalı var. İspaniya “Real”ı 333 xalla 2-ci, “Atletiko”su isə 299 xalla 3-cüdür.