[b]“Qarabağ” üçün 8 yeni rəqib[/b]
10.05.2016 - 13:01
[b]“Qarabağ” üçün 8 yeni rəqib[/b]

İyunun 20-də İsveçrənin Nyon şəhərində avrokubokların ilk iki təsnifat mərhələsinin püşkü atılacaq. Apasport.az saytının məlumatına görə, Avropanın ən nüfuzlu klub turniri olan Çempionlar Liqasının ilk püşkatmasına qatılacaq 38 ölkənin ən yaxşılarından 27-si bəllidi.

 

I təsnifat mərhələsinin 8 komandasından 6-sı müəyyənləşib. Azərbaycan çempionu “Qarabağ” isə mübarizəyə II təsnifat mərhələsindən başlayacaq.

 

41 gündən sonra keçiriləcək püşk zamanı Ağdam təmsilçisi 34 komandanın qatılacağı raundda rəqibini tanıyacaq. Bu mərhələnin püşkündə 30 çempion və I mərhələnin 4 cütü iştirak edəcək.

 

Bu “34-lük” əmsalına görə səpələnmiş və səpələnməmişlərə bölünəcək. Reytinq cədvəlindəki xalı 13,475-ə bərabər olan Qurban Qurbanovun yetirmələri güclülərin yer aldığı səbətdə qərarlaşıb. Buradakı 17 klubdan 10-u məlumdu.

 

“Qarabağ” hələlik bu mərhələnin gücünə görə 6-cı komandasıdı. Təmsilçimiz “Zalsburq”, “Seltik”, APOEL, BATE və Zaqreb “Dinamo”sundan geri qalır.

 

Səpələnmişlərin potensial rəqiblərindən 11-nin də kimliyi məlumdu. Onlardan 8-i dəqiqdisə, 2-si I təsnifat mərhələsinin cütlükləridi. Daha bir potensial rəqibin ölkəsi bəllidi. Monteneqro çempionu rəsmiləşməsə də, onun səpələnməmiş olduğu indidən dəqiqdi.

 

“Qarabağ”ın potensial rəqibi olduğu rəsmiləşən komandalar isə “Ferensvaroş” (Macarıstan), “Vardar” (Makedoniya), “Dandalk” (İrlanaiya), SJK (Finlandiya), “Liepaya” (Latviya), “Norçepinq” (İsveç), “Kruzaders” (Şimali İrlandiya) və “Zrinski” (Bosniya və Herseqovina) klublarıdı. Maraqlıdı ki, bu 8 komandanın heç biri indiyədək Azərbaycan təmsilçiləri ilə görüşməyib. Elə bu üzdən də onların hər biri çempionumuz üçün yeni rəqib sayılır.

 

Çempionlar Liqası 

I təsnifat mərhələsi

Səpələnmişlər: TNS (Uels), “Flora” (Estoniya), “Valletta” (Malta)

Səpələnməmişlər: “Torshavn” (Farer adaları), “Linkoln” (Cəbəllütariq), San-Marino çempionu

Qeyri-müəyyənlər: “Santa Koloma” (Andorra), Ermənistan çempionları

 

II təsnifat mərhələsi

Səpələnmişlər: “Zalsburq” (Avstriya), “Seltik” (Şotlandiya), APOEL (Kipr), BATE (Belarus), “Dinamo” (Zaqreb, Xorvatiya), “Qarabağ” (Azərbaycan), “Rusenborq” (Norveç), “Astana” (Qazaxıstan), “Srvena Zvezda” (Serbiya), “Dinamo” (Tiflis, Gürcüstan)

Səpələnməmişlər: “Ferensvaroş” (Macarıstan), “Vardar” (Makedoniya), “Dandalk” (İrlanaiya), SJK (Finlandiya), “Liepaya” (Latviya), “Norçepinq” (İsveç), “Kruzaders” (Şimali İrlandiya), “Zrinski” (Bosniya və Herseqovina), Monteneqro çempionu, I təsnifat mərhələsinin 2 qalibi

Qeyri-müəyyənlər: “Hafnarfyorfur” (İslandiya), “Jalgiris” (Litva), “Trençin” (Slovakiya), İsrail, Polşa, Sloveniya, Moldova, Danimarka, Bolqarıstan, Lüksemburq, Albaniya çempionları, I təsnifat mərhələsinin 2 qalibi

 

 

0