Çempionlar Liqasının II təsnifat mərhələsinin “Valletta” – “Qarabağ” oyununu idarə edəcək isveçrəli hakim Adrien Jakkottetin kimliyi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, futbol hakimi ixtisasca hüquqşünasdır.
Beynəlxalq və şəxsi hüququ məsələlərlə məşğul olan Jakkottet 2012-ci ildn FİFA referisidir. 32 yaşlı isveçrəli UEFA-nın 3-cü kateqoriyadan olan hakimləri arasında yer alır.
Jakkottet 6 dil bilməsi ilə diqqət çəkir. İngilis, alman, fransız, ispan, katalon və italyan dillərini bilən poliqlot son 2,5 ildə xeyli beynəlxalq matç idarə edib. Lakin indiyədək onun yolları Azərbaycan komandaları ilə kəsişməyib.
İsveçrəli cari mövsümdə bir avrokubok matçına çıxıb. İyulun 3-də Avropa Liqasının I təsnifat mərhələsinin “Rusenborq” (Norveç) – “Yelqava” (Latviya) matçının hakimi də Jakkottet olub. Həmin görüşdə skandinaviyalılar 4 cavabsız qolla qalib gəlib.