“Qarabağ”ın cari mövsüm avriokuboklarda keçirdiyi oyunlarda maraqlı tendensiya müşahidə olunur. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisinin səfər qarşılaşmalarının hamısında eyni hesab qeydə alınıb.
Düzdü, 1:0 hesabına iki dəfə qonaqlar, bir dəfə meydan sahibləri sevinib. Amma hər üç qarşılaşmada 1 qol vurulub.
Çempionlar Liqasının II təsnifat mərhələsinin “Rudar”la (Monteneqro) və Avropa Liqasının pley-off mərhələsinin “Yanq Boyz”la (İsveçrə) matçlarında “Qarabağ” səfərdən qələbə ilə qayıdıb. Qitənin ən nüfuzlu klub turnirinin III təsnifat mərhələsinin “Seltik”lə Şotlandiyadakı matçında isə bir qolu meydan sahibləri vurmuşdu.
Maraqlıdı ki, “Qarabağ”ın evdə keçirdiyi oyunlarda da eyni hesab qeydə alınıb. Velə ki, həm “Rudar”, həm də “Seltik”lə görüş qolsuz başa çatıb. Ötən mövsümün qrupda keçirilən İtaliya “İnter”i ilə son matçı da 0:0 hesabı ilə nəticələnmişdi.
Bir sözlə, “Qarabağ”ın son 3 ev oyununda 0:0, son 3 səfər matçında isə 1:0 (və ya 0:1) qeydə alınıb.