“Zalsburq”un futbolçusu Martin Hinteregger Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”la cavab görüşündən sonra fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Avstriya təmsilçisinin 2:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada hər 2 qolun müəllifi olan müdafiəçi qələbəyə layiq oyun nümayiş etdirdiklərini deyib.
Hintereggerin sözlərinə görə, Bakıda 1:2 hesabı ilə uduzmalarına baxmayaraq, pley-offa vəsiqə qazanacaqlarına inamları yüksək olub: “Düzdür, oyunun çox ağır olacağını bilirdik. Amma daha üstün oynayıb, qalib gəldik. Mərhələ adladığımız üçün çox sevinirik. Düşünürəm ki, biz artıq Çempionlar Liqasının qrupunda oynamağa hazırıq”.
Qeyd edək ki, Çempionlar Liqası ilə vidalaşan “Qarabağ” mübarizəni Avropa Liqasında davam etdirəcək.