“Qarabağ”ın Avstriya təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi növbəti yoxlama oyununun başlanma saatı müəyyənləşib. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi iyulun 4-də Plzen “Viktoriya”sı ilə görüşəcək.
Ötən mövsüm Çempionlar Liqasının (ÇL) qrup mərhələsində ölkəsini təmsil etmiş Çexiya klubu ilə görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Komandanın iyulun 8-də keçirəcəyi yoxlama oyunundakı rəqibi də artıq müəyyənləşib. Həmin tarixdə Praqa “Sparta”sı ilə yoxlama matçı keçirmək istəyən “Qarabağ” Almaniyanın 3-cü Liqasının debütantı “Zonnenhof Qrossaşpax”la qarşılaşmalı olub. Bu matçın başlanma saatı isə Bakı vaxtı ilə 21:00-a təsadüf edəcək.
Qeyd edək ki, “Qarabağ” artıq 3 yoxlama oyunu keçirib. Qurban Qurbanovun yetirmələri Ukraynanın “Şaxtyor” (0:2), Rusiyanın “Krasnodar” (0:1), Almaniyanın “Vakker” (2:0) klubları ilə gücünü sınayıb.