“Qarabağ”ın rəqibi yenə Belçika “bazar"ına üz tutdu
05.11.2015 - 18:35
“Qarabağ”ın rəqibi yenə Belçika “bazar"ına üz tutdu

“Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Tottenhem” transfer siyahısını genişləndirir. Apasport.az saytının İngiltərə mətbuatına istinadən məlumatına görə, London klubu yenə Belçika “bazar"ına üz tutub.

 

“Tottenhem” rəsmiləri Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində dünən keçirilən “Gent” – “Valensiya” (1:0) oyununu izləyib və meydan sahiblərinin iki oyunçusunu bəyəniblər. Belçika millisinin hücumçusu Loran Depoytr və Nigeriya yığmasının yarımmüdafiəçisi Mozes Saymon baxımlı oyunu ilə ingilislərin maraq dairəsinə düşüb.

 

Maraqlıdı ki, “Sauthempton”, “Mançester Yunayted” və “Mançester Siti”nin skautları da həmin görüşü canlı izləyiblər. Onlar isə daha çox “Valensiya”nın müdafiəçiləri Şkodran Mustafi, Xose Qaya və yarımmüdafiəçisi Andre Qomeşi bəyəniblər.

 

Qeyd edək ki, hazırda “Tottenhem”in heyətində Belçika millisinin 4 üzvü (Tobi Alderveyreld, Yan Vertongen, Musa Dembele, Naser Çadli) çıxış edir.