21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinə Azərbaycan millisinin mübarizə aparacağı VIII qrupun iddialıları sırasına biri də qoşulub. Apasport.az saytının məlumatına görə, Avstriya millisi də Almaniya və Rusiyanın da favorit sayıldığı qrupdan çıxmaq iddiasındadı.
Bunu Avstriya Futbol Federasiyasının idman-direktoru Villi Ruttenştayner açıqlayıb. O, bu gün İsveçrənin Nyon şəhərində baş tutan seçmə mərhələnin püşkatmasından sonra bildirib ki, rəqiblərin kimliyindən asılı olmayaraq, Polşadakı AVRO-2017-yə qatılmaq arzusundadı: “Bir neçə dəfə final mərhələsini keçməyə yaxın olmuşuq. Hədəfimiz yenə də eynidi – final mərhələsinə vəsiqə qazanmalıyıq. Bu iddiamız reallığa söykənir. Çünki hazırda yüksək səviyyəli komandamız var. Buna görə də qarşımıza qoyulan vəzifə əlçatmaz deyil”..
Qeyd edək ki, Azərbaycan millisi Avstriya ilə ilk qarşılaşmasını sentyabrın 4-də keçirəcək.