“Qəbələ” - hər oyunda qol!
21.02.2014 - 17:35
“Qəbələ”  - hər oyunda qol!

Son 2 ev oyununda xal qazana bilməyən “Qəbələ” Topaz Premyer liqasının XXIII turunda yenidən doğma azarkeşləri önünə çıxacaq. Apasport.az saytının məlumatına görə, Yuri Syominin yetirmələri 2014-cü ildə 3-cü ev oyununu “Rəvan”a qarşı keçirəcək.

 

Paytaxt təmsilçisi ilə qarşılaşma “qırmızı-qaralar”ın bu rəqiblə 7-ci matçı olacaq. İlk dəfə 3 il əvvəl üz-üzə gələn komandalar indiyədək yalnız Premyer Liqa çərçivəsində qarşılaşıb. 

 

Bu 6 oyunda “Qəbələ”nin üstünlüyü var. Heç vaxt rəqibi ilə bərabərə qalmayan komanda 4 qələbə qazanıb və 2 dəfə məğlub olub. Qələbə sayında olduğu kimi top fərqində də “qırmızı-qaralar” ikiqat üstünlüyə malikdir – 14:7. Bunda komandanın bütün matçlarda qol sevinci yaşamasının da rolu böyükdür.

 

Öz meydanında keçirdiyi hər 3 oyunda məğlub olan bakılılar Qəbələ təmsilçisinin ev oyunlarında qalib gəlməyi bacarıb. Lakin “qırmızı-qaralar” son ev oyununda da üstün olmağı bacarıb. Bununla da “Rəvan”la görüşlərdə “Qəbələ” ardıcıl qələbələrin 3-ə çatmasına töhvə verib. Budəfəki qələbə isə seriyanı 4-ə çatdıracaq. Syominin yetirmələri ev oyunlarında 6 qol vurub və eyni sayda da buraxıb.

 

 “Qəbələ”nin “Rəvan”la oyunlarında qeydə alınan 21 qola 18 futbolçu imza atıb. Yalnız 2 futbolçu, hazırda “Qəbələ”nin şərəfini qoruyan Yannik Kamananla Viktor Mendi bu duellərdə 1 dəfədən çox fərqlənib. Yannik isə duellərin mütləq rekordçusudur – 3 qol.

 

2011/12. Premyer Liqa

30.09.2011. Qəbələ - Rəvan 2:3

Murad Hüseynov, 7; Dodo, 78 - Murad Hüseynov, 22-ö.q.; Con Pelu, 35; Samuel Barlay, 52

 

2011/12. Premyer Liqa

03.03.2012. Rəvan - Qəbələ 0:4

Viktor Mendi, 3; Yannik Kamanan, 9; 25; Deon Barton, 83

 

2012/13. Premyer Liqa

24.09.2012. Qəbələ - Rəvan 1:3

Aleksandr Çertoqanov, 37 - Xuan Varea, 23; Kristian Torres, 64; Nuran Qurbanov, 90+1

 

2012/13. Premyer Liqa

25.11.2012. Rəvan - Qəbələ 1:3

Tofiq Mikayılov, 23 - Viktor Mendi, 12; Rəşad Abdullayev, 27; Lorival Assis, 70-p.

 

2013/14. Premyer Liqa

20.09.2013. Qəbələ – Rəvan 3:0

Daniyel Subotiç, 8; Vladimir Levin, 9; Leonardo, 53-p.

 

2013/14. Premyer Liqa

29.11.2013. Rəvan – Qəbələ 0:1

Yannik Kamanan, 26