“Qəbələ” “Lion”la yoldaşlıq oyunu keçirəcək
25.03.2014 - 14:52
“Qəbələ” “Lion”la yoldaşlıq oyunu keçirəcək

“Hər şey planlaşdırdığımız kimi alındı. Bizi Lionda çox yaxşı qarşıladılar. Klubun bazası, əsas komanda və müxtəlif yaş qrupları ilə yaxından tanış olmaq imkanı yaratdılar”. Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ” Futbol Akademiyasının direktoru Stenli Brard deyib.

 

Belə ki, akademiyasının məşqçilər heyəti nəzəri və praktiki biliklərinin artırılması məqsədi ilə Fransanın “Lion” klubunun düşərgəsində olub.  Səfərin təfərrüatları barədə gabalafc.az-a açıqlama verən nümayəndə heyətinin rəhbəri Stenli Brard məşqçi heyətinin Fransada yararlı təcrübə keçdiyini söyləyib: “Bildiyiniz kimi “Lion” klubu aşağı yaş qruplarının inkişafında, futbolçu yetişdirilməsində böyük təcrübəyə malikdir. “Lion” Futbol Akademiyasının yetrimələri əsas komanda ilə yanaşı, Avropanın bir sıra klublarında top qovurlar. Klub çox gözəl infrastruktura malikdir. Onların gənc futbolçuların inkişafı istiqamətində çox yararlı fikirləri və planları var. Səfərimizin məqsədi də bütün bu sadaladıqlarımı əyani olaraq görmək, tanış olmaq və bunlardan yararlanmaq idi. Bu baxımdan səfər nümayəndə heyətimiz üçün xeyirli oldu”. 

 

Səfər zamanı baş tutan görüşlər barədə məlumat verən Brard “Lion”la əməkdaşlığın gələcək perspektivlərindən danışıb. O, məşqçilərimizin səfərdən razı qaldıqlarını da söyləyib: “Səfər müddətində “Lion”un baş məşqçisi Rene Qard, klub prezidentinin müşaviri, Fransa futbolunun əfsanəsi Bernar Lyakomb və akademiya direktoru Stefan Roşe ilə görüşlər keçirdik. Sözügedən toplantılarda klubun tarixi, inkişaf yolu və hazırda apardığı islahatlar barədə müzakirələr aparıldı. Çox maraqlı görüşlər keçdi və biz bir çox yeniliklərlə tanış olduq. Eyni zamanda, klublar arasında münasibətlərin gələcək perspektivləri barədə də söhbətlərimiz oldu. Bu il “Lion”un 15 yaşa qədər futbolçulardan ibarət komandası təqvimin sıxlığına görə Qəbələ Kubokunda iştirak edə bilməyəcək. Amma gələn il onlar turnirdə yer almaq istəyirlər. Bundan əlavə, müxtılif yaş qrupları üzrə komandalarımız arasında yoldaşlıq oyunları da planlaşdırılır. Məşqçilərimiz akademiya komandalarının hazırlıq proseslərini izlədilər, məşqlərdəki fərqli və bənzər cəhətləri müşahidə etdilər. Futbolçuların fiziki və texniki baxımdan bizim futbolçularla fərqlərini gördülər. Ümumilikdə məşqçilərimiz səfərdən çox razı qaldılar”.

 

Qeyd edək ki, nümayəndə heyətinin  tərkibinə  “Qəbələ” Furtbol Akademiyasının  hollandiyalı  direktoru  Stenli  Brard  və onun müavini Nail  Kərimov,  eləcə  də  akademiyanın yuxarı yaş qruplarında çalışan məşqçilər Famil Xəlilov  (U-17), Zaur Hacıyev  (U-16), Hüseynqulu Quliyev (U-15) və Xaqani Məmmədov (U-14) daxil edilmişdilər.

0