“Qəbələ” “Xəzər Lənkəran”la oyun üçün 3 futbolçudan məhrum oldu
14.04.2014 - 12:43
“Qəbələ” “Xəzər Lənkəran”la oyun üçün 3 futbolçudan məhrum oldu

Ölkə kubokunun yarımfinal matçının hazırlıqlarına start verən “Qəbələ” “Xəzər Lənkəran”la qarşılaşma öncəsi ciddi itkilərlə üzləşib. Apasport.az saytının əldə etdiyi məlumata görə, onsuz da çempionatda işləri yaxşı getməyən “qırmızı-qaralar” 3 futbolçusunun xidmətindən məhrum olub.

 

Ötən mövsüm ölkə kubokunun finalında dava-dalaşda iştirak etdiyi üçün 6 oyunluq cəzaya məruz qalan Elnur Allahverdiyevin əvvəlcədən cari mövsüm 4-cü dəfə sabiq klubu “Xəzər Lənkəran”a qarşı forma geyinə bilməyəcəyi bilinirdi. Belə ki, o, bu cəzadan cəmi üçünü başa vurub.

 

Baş məşqçi Yuri Syomini düşündürən digər məqam isə yarımmüdafiənin mərkəzi ilə bağlıdır. Dayaq yarımmüdafiəçisi olan seneqallı İbrahima Niassenin zədəsi azmış kimi, hollandiyalı Lorentso Ebesilio və braziliyalı Dodo da qəbələlilərə kömək edə bilməyəcək. Hər 2 futbolçu “Qarabağ”la ölkə kubokunun 1/4 final mərhələsinin cavab matçında aldığı vərəqəyə görə cəzalı duruma düşüb. Belədə rusiyalı mütəxəssisin dayaq yarımmüdafiə xəttində gənc Amit Quluzadəyə güvənməkdən başqa çarəsi qalmayıb.

 

Qeyd edək ki, Lorentso Ebesilio ötən tur AZAL ilə oyunda da meydanda olmamışdı. O, Topaz Premyer Liqasının XXIX turunun “Xəzər Lənkəran”la görüşündə cəzalı duruma düşdüyü üçün “təyyarəçilər”ə qarşı forma geyinməmişdi.