“Qəbələ” B seriyasından futbolçu aldı
07.07.2014 - 09:46
“Qəbələ” B seriyasından futbolçu aldı

2 gün əvvəl yarımmüdafiəçi Cavid Hüseynovu rənglərinə bağlayan “Qəbələ” sıralarını daha bir futbolçu ilə gücləndirib. Apasport.az saytının məlumatına görə, slovakiyalı müdafiəçi Pavol Farkaş ilə birillik müqavilə imzalanıb.

1985-ci ilin martın 27-də Slovakiyanın Vrable şəhərciyində anadan olan Farkaş futbolçu karyerasına 2003-cü ildə “Nitra”da başlayıb. 2007-ci ilə qədər adıçəkilən komandanın şərəfini qoruyan müdafiəçi daha sonra “Petrjalka” (2007/08), “Vasluy” (Rumıniya, 2009-2012), “Kyevo” (İtaliya, 2012-2014) və “Ternana”nın (İtaliya, 2013/14) formasını geyinib. O, ötən mövsüm B seriyasında “Kyevo”ya məxsus futbolçu kimi icarə əsasında çıxış edib.

Farkaş “Petrjalka” ilə Slovakiya çempionluğunu və ölkə kubokunu qazanıb. O, 3 dəfə Slovakiya milli komandasının heyətində çıxış edib. Farkas “Qəbələ”də “26” nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, bu, “Qəbələ”nin yeni mövsüm üçün 6-cı transferidir. “Qırmızı-qaralar” bundan öncə Ruslan Əmircanov, Andrey Kristya, Adrian Ropotan, Ruslan Abışov (icarə) və Cavid Hüseynovu heyətinə qatmışdı.