“Qəbələ” ilə oyunda biz əsl “İnter”i gördük”
24.03.2014 - 17:03
“Qəbələ” ilə oyunda biz əsl “İnter”i gördük”

“Öncə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etmək istəyirəm. Oyunla əlaqədar isə onu demək istəyirəm ki, bu qarşılaşmada biz əsl “İnter”i gördük”. Apasport.az saytının məlumatına görə, bunu “İnter”in direktoru Natiq Məmmədov deyib.

“İnter” dünən Premyer Liqanın XXVII turu çərçivəsində keçirilən “Qəbələ” ilə səfər matçında 4:1 hesabı ilə qalib gəldi. Veteran futbolçu, AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadovla birgə Qəbələdə tribunadan matçı seyr edənlərdən biri də Natiq Məmmədov olub.

Matçdan sonra o, oyunla bağlı fikirlərini bölüşüb: “Komanda bu görüşü əla keçirdi və layiqli qələbə qazandı. Kubokda çıxışı dayandırdıqdan sonra komanda tamamilə çempionata köklənib. Bizi mükafat yerləri uğrunda çətin mübarizə gözləyir və göstərməliyik ki, məhz “İnter” ölkəmizi avrokuboklarda təmsil edəcək komandalardan biri olmağa layiqdir. Komandanın qarşısında qitə miqyaslı yarışda çıxış etmək hüququ verəcək yer tutmaq vəzifəsi dayanır və biz bu məqsədə doğru addımlayacağıq. Qarşıda bizi 9 tur gözləyir və bu mərhələ, sözsüz ki, ən məsuliyyətlisi olacaq. Həmin mərhələni daha yaxşı keçməyə və mövsümü yüksək mövqedə yekunlaşdırmağa çalışacağıq”.

Qeyd edək ki, “İnter” növbəti tur “Rəvan”ı qəbul edəcək.