“Qəbələ” rəsmisi: Hocsonun yerində olsaydım...
23.06.2014 - 13:30
“Qəbələ” rəsmisi: Hocsonun yerində olsaydım...

“Dünya çempionatına yollanan İngiltərə millisinin heyəti məni çox təəccübləndirdi. Çünki müdafiə haqda daha çox düşünmək vacib idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ” klubunun prezident müşaviri Toni Adams deyib.

 

İngiltərə futbolunun əfsanəsi vaxtilə şərəfini qoruduğu yığmanın Braziliyadakı dünya çempionatındakı fiaskosuna münasibət bildirib. Adams baş məşqçi Roy Hocsonu səhv taktika seçməkdə, müdafiəyə daha az diqqət ayırmaqda ittiham edib: “Con Terri İngiltərənin ən yaxşı mərkəz müdafiəçisidir. Məndən olsaydı ona da, təcrübəli Eşli Koula da güvənərdim. Baş məşqçi Roy Hocson sadəlövhlük etdi. Amma daha realist olmalı idi. Hocson qorxdu ki, onu az hücum etməkdə ittiham etsinlər. Bu üzdən hücum futboluna üstünlük verdi. Hərçənd qrupdan çıxmaq daha vacib idi. İtaliya və Uruqvay kimi rəqiblərlə oyuna onları yaxşı öyrənməmiş çıxmaq hörmətsizlik idi. Onun yerinə mən olsaydım hər iki oyunda heç-heçə edərdik”.

 

Qeyd edək ki, İngiltərə yığması İtaliya və Uruqvayla oyunların hər ikisində 1:2 hesabı ilə uduzub.