“Qəbələ” seriyalarına davam iddiasında
15.08.2015 - 11:34
“Qəbələ” seriyalarına davam iddiasında

Bu gün Topaz Premyer Liqasının II turunda AZAL-ın qonağı olacaq “Qəbələ” uğurlu seriyalarını davam etdirməyə çalışacaq. Apasport.az saytının məlumatına görə, əyalət klubu qollu və məğlubiyyətsiz seriyaları ilə ötən mövsümdən diqqət çəkir.

 

“Qırmızı-qaralar” artıq 13 oyundu uduzmur. “Qəbələ” sonuncu dəfə fevralın 15-də “Neftçi”ylə ev oyununda 1:3 hesabı ilə yenilib.

 

Roman Qriqorçukun yetirmələri bu müddətdə 10 qələbə qazanıb və 3 heç-heçə edib. Son 13 görüşdə qazanılan 34 xalı artırmaq iddiasında olan əyalət Qəbələnin eyniadlı klubu son 14 matçda meydanı qolsuz tərk etməyib.

 

Fevralın 10-da səfərdə “Simurq”a 0:2 hesabı ilə uduzan “qırmızı-qaralar” son 14 görüşdə 27 dəfə rəqib qapısına yol tapıb. Bu seriyanı yubiley həddə - 15-ə çatdırmaq üçün AZAl-la səfər oyununda qonaqların qolu qeydə alınmalıdı.